SAHİBKARIN MÜRACİƏTİ

Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun- Milli Qurtuluş günü xalqımızın fəlakətlərdən qurtulub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür. Bu müqəddəs günü tarixə yazan isə Ümummilli liderimiz Heydər Əliyevdir. İttifaq dağılandan sonra müstəqillik uğrunda alışıb yanan digər müttəfiq respublikalar kimi Azərbaycanda da xalq hərəkatı vüsət almışdı. Ölkəmizdə baş verən siyasi proseslər digər respublikalardan fərqli idi. Bir yandan hiyləgər qonşularımızın ərazi iddiası ilə apardığı müharibə, digər tərəfdən naşı, səriştəsiz ölkə rəhbərliyinin hakimiyyət hərisliyi xalqı uçurum qarşısına gətirib çıxarmışdı. Belə ağır bir məqamda ölkə xaricində olan qeyri-dostlarımız ölkəmizin yeraltı, yerüstü sərvətlərinə göz dikməsi respublikanı çıxılmaz vəziyyətə salmışdı.

Artıq respublikamız müstəqillik yolunda mətin addımlarla irəliləyir, qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilir. Heydər Əliyev dünyaya sübut etdi ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün layaqətlə davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ilk addımında ölkənin inkişafı üçün mühüm sərəncamlar verib, regionlara səfərə çıxdı. Aparılan siyasi kursun doğruluğunu sübut etmək üçün son vaxtlar görülən quruculuq işlərinə, qazanılan uğurlara, əldə olunan nailiyyətlərə diqqət yetirsək bəs etmiş olar.

Həqiqətən də Azərbaycan Ruspublikası bu gün böyük dövlətlər üçün önəmli bir ölkəyə çevrilib. İqtisadi, siyasi sahədə aparıcı bir dövlətə çevrilən Azərbaycan öz müstəqilliyi yolunda mətin addımlarla addımlayır. 15 iyun 1993-cü il tarixi məhz Heydər Əliyev tərəfindən Azərbaycan təqviminə qızıl hərflərlə yazıldı. Xalq bu günü böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu bayram münasibəti ilə hörmətli prezidentimiz İlham Əliyev başda olmaqla xalqımızı təbrik edir və ən xoş arzularımı bildirirəm.

Hacı Tofiq İsayev
Hüquqşunas, iqtisadçı